Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız indi dinc əhaliyə, qadın-uşaqlara çatır xaincəsinə mülki əhalini hədəf seçməyə çatır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərini, dinc əhalini raket atəşinə tutması sözsüz ki, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdı. Döyüş əməliyyatlarında hərbi birləşmələrin tərkibində əlinə silah alaraq döyüşməyən insanlar, mülki əhali heç bir halda hədəfə çevrilə bilməz. Azərbaycan orudusu beynəlxalq hüququn bütün tələblərini tam yerinə yetirir, işğal altında olan ərazilərimizin azad olunması zamanı gedən döyüş əməliyyatlarında oradakı mülki erməni əhalinin həyat və sağlamlığına hər hansı xətər gəlməməsi üçün dəfələrlə xəbərdarlıq edib və əhalinin həmin döyüş zonasından çıxması üçün dəhlizlər yaradıb, ərazini tərk edə bilməyən, əsir düşən insanları isə müalicə edir, insani davranış nümayiş etdirir.
Politoloq Nzakət Məmmədovanın Lent.az-a bildirdiyinə görə, Ermənistan dinc əhalini hədəfə almaqla göstərir ki, zaman dəyişsə belə, ermənilərin terrorçu xisləti dəyişməz olaraq qalır:
“Gəncənin və Bərdənin Ermənistan tərəfindən atəşə tutulması qəbuledilməz vəhşilik aktıdır. Ermənistan bununla Azərbaycan əhalisi arasında xof yaratmaq, itirilmiş ərazilərin ört-bardır edilməsi üçün öz əhalisi arasında manipulyasiya etmək, ən əsası isə Azərbaycanı da eyni addıma sövq etməklə hücuma məruz qaldığı barədə hay-küy qaldırıb KTMT və Rusiyanı müharibəyə təhrik etməyə çalışır. Azərbaycan lazımı cavabı hərb meydanında verir. Ermənistan açıq-aşkar müharibə cinayətləri törədir. Bu gün bu hadisələr dünyanın gözü qarşısında baş verir. Azərbaycan erməni terroru ilə əlaqədar lazımı bütün faktları toplayır və bu faktlar beynəlxalq aləmdə adiyyatı qurumlara göndəriləcəkdir. ATƏT-in Minsk Qrupunun bu olaylara susması çox təbiidir. Elə bu məsələnin arxasında Minsk Qrupunun həmsədri olan ölkələrin Ermənistana verdiyi kart blanş dayanır. Fransa və Rusiya dövlətlərinin siyasi-hərbi rəhbərliyi, eyni zamanda orada yaşayan erməni diasporalarının nümayəndələri çox aktiv fəaliyyət göstərirlər. Bu məsələdə Ermənistana böyük dəstək verirlər. Buna görə də, məsuliyyəti sadəcə Ermənistanın boynuna atmamalıyıq”. Politoloqin fikrincə, Minsk Qrupunun üzərinə də böyük məsuliyyət düşür. Ermənistan beynəlxalq qanunları tanımayan dövlət olduğunu bir daha sübut edir. Çünki heç bir beynəlxalq hüquqi prinsiplərə riayət etmir və barbarlıq edir. “Dünyada beynəlxalq hüquq qaydalarına görə, müharibə qanunları Haaqa konvensiyası və digər beynəlxalq qanunlara əsaslanır. Cenevrə Konvensiyasına görə, müharibə vaxtı mülki əhaliyə atəş açmaq qadağandır və mülki əhali heç vaxt hədəf ola bilməz. Ermənistanın mülki əhaliyə qarşı zorakılığı beynəlxalq qaydaları pozmaq deməkdir. 1899 və 1907-ci illər Haaqa konvensiyası və bəyannaməsi, 1949-cu il Cenevrə konvensiyası və 1977-ci il ona əlavə protokollarının tələblərinə əsasən müharibə tərəfləri döyüş əməliyyatları zamanı əhalinin zərər çəkməsinin minimuma endirilməsi üçün əlindən gələni etməlidirlər. Əhalini girov götürmək, işgəncəyə məruz qoymaq, məhkəmə qərarı olmadan cəzalandırmaq və s. qəti qadağandır”.
Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır. Politoloqun fikrincə, Ermənistana qarşı sanksiya formasında siyasi-hüquqi məsuliyyət tələbləri irəli sürülə bilər, işğalçı ölkənin siyasi və hərbi rəhbərliyi, dinc yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri, mülki əhalini hədəfə alan qoşun növlərinin komandirləri, onların qeyri-qanuni tələblərini yerinə yetirən hərbi qulluqçular və münaqişənin bu işdə əli olan digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilər. “Bütövlükdə bütün bunlara görə həm ayrı-ayrı şəxslər, həm də Ermənistan dövləti məsuliyyət daşıyır, belə olmasaydı o özü həmin hərbçiləri cəzalandırmalı idi. Beynəlxalq yurisdiksiya prinsiplərinə əsasən, dövlət öz ərazisindəki hərbi cinayətkarları özü məsuliyyətə cəlb etməlidir. Amma Ermənistan indiyədək heç bir cinayətkarı qanunun aliliyini əsas götürərək belə bir məsuliyyətə cəlb etməyib, nə birinci Qarabağ müharibəsi zamanı, nə də indi. Bu da onu deməyə əsas verir ki, dinc mülki əhalinin atəşə tutulmasının günahkarı Ermənistan Respublikasıdır və o, bütün bu olanlara görə, öz ordusunun törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Nürnberq prosesi alman faşistlərini ən ağır cəzaya məhkum etməklə beynəlxalq hüquqda nümunəvi presedentin əsasını qoydu. 1993-cü il keçmiş Yuqoslaviya üzrə hərbi tribunalın çıxardığı hökmlər də bu məsələlərə bəzi əlavələr gətirdi. Hər halda, presedent var, hüquq normaları kifayət qədər zəngin, əhatəlidir və inanıram ki, Azərbaycan bu məsələni beynəlxalq hüquq müstəvisinə çıxararaq, Ermənistanın məsuliyyətə cəlb edilməsinə nail ola bilər”.